
Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı Baş Qərargahında keçirilən ikinci Beynəlxalq Miqrasiya İcmalı Forumunda (Forum) 42 ölkəni birləşdirən "Çempion ölkələr" təşəbbüsü adından birgə bəyanatla çıxış etmək hüququ Azərbaycana həvalə edilib.
Bu barədə BAKU.WS-ə Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.
Bildirilib ki, BMT-yə üzv dövlətlərin miqrasiya məsələlərinə məsul yüksək vəzifəli nümayəndələrinin iştirakı ilə keçirilən iclasda bəyanatlar dinlənilib.
Sessiya zamanı "Çempion ölkələr" təşəbbüsünə daxil olan dövlətlər adından bəyanatla çıxış edən DMX sədri Vüsal Hüseynov miqrasiya sahəsində qlobal çağırışların həlli üçün dövlətlər arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. O, həmçinin Miqrasiya üzrə Qlobal Paktın təşviqi və bu istiqamətdə görülməsi zəruri olan məsələləri diqqətə çatdırıb.
Daha sonra V.Hüseynov sessiyada milli bəyanat səsləndirib, 2022-ci ildə keçirilmiş ilk Forumdan ötən dövr ərzində Azərbaycanın miqrasiya sahəsində müxtəlif səviyyələrdə həyata keçirdiyi fəaliyyətlər, eləcə də sahə üzrə prioritet məsələlər barədə çıxış edib. DMX sədri çıxışında, həmçinin Miqrasiya üzrə Qlobal Paktın icrası ilə bağlı Azərbaycanın milli, regional və beynəlxalq müstəvidə verdiyi töhfələri diqqətə çatdırıb.
Plenar iclasın sonunda BMT-nin üzv dövlətləri tərəfindən Tərəqqi Bəyannaməsinin qəbulu nəzərdə tutulub.
Bununla yanaşı, DMX rəisi Beynəlxalq Miqrasiya Təşkilatının baş direktorunun müavini Uqoçi Daniyels ilə görüşüb. Görüş zamanı təşkilat ilə Azərbaycan arasında mövcud olan qarşılıqlı faydalı əməkdaşlıqdan məmnunluq ifadə olunub. V.Hüseynov Azərbaycanın 2026-cı il üçün "Çempion ölkələr" təşəbbüsünə həmsədrliyi çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verib. Görüşdə, həmçinin Azərbaycanda təşkil ediləcək Ümumdünya Şəhərsalma Forumu çərçivəsində nəzərdə tutulan birgə fəaliyyətlər barədə fikir mübadiləsi aparılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.