
ABŞ-nin Qrenlandiya üzrə xüsusi nümayəndəsi Ceff Lendrinin adaya həkimlə birlikdə səfər etməsi Qrenlandiya rəhbərliyinin sərt reaksiyasına səbəb olub.
AVESTA.AZ xəbər verir ki, Lendri səfər zamanı həkim Cozef Qriffini də özü ilə aparıb. Qriffinin Qrenlandiyanın paytaxtı Nuukda "səhiyyə ehtiyaclarını qiymətləndirmək" məqsədilə olduğu bildirilib.
Qrenlandiyanın səhiyyə naziri Anna Vangenhaym isə bu addımı kəskin tənqid edib. O bildirib ki, yerli əhali keçmişdə səhiyyə siyasəti adı altında müxtəlif sui-istifadələrlə üzləşib.
"Qrenlandiyalılar hansısa geosiyasi layihənin təcrübə obyekti deyil", – deyə nazir vurğulayıb.
Qrenlandiyanın baş naziri Yens Frederik Nielsen də ABŞ nümayəndələri ilə görüşdən sonra bildirib ki, səhiyyə ilə bağlı məsələlər diplomatik kanallar vasitəsilə müzakirə olunmalıdır.
O əlavə edib ki, Qrenlandiya ABŞ ilə dialoqa açıqdır, lakin ada xalqının gələcəyini müəyyən etmək hüququ müzakirə mövzusu ola bilməz.
Məsələ fonunda ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı ABŞ-yə birləşdirmək barədə əvvəlki açıqlamaları yenidən gündəmə gəlib.
Bununla yanaşı, Danimarkanın 1960-1970-ci illərdə Qrenlandiyada minlərlə qadına məcburi doğum nəzarəti tətbiq etməsi ilə bağlı qalmaqal da yenidən müzakirə olunur. Danimarka hökuməti daha əvvəl bu siyasətə görə rəsmi şəkildə üzr istəmişdi.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.