
Əhali artdıqca şəhərlər stress, nəqliyyat sıxlığı, sosial bərabərsizlik ilə bağlı ciddi çağırışlarla üzləşir.
AVESTA.AZ xəbər verir ki, bunu Komitəsinin Şəhərsalma və ərazi planlaşdırılması şöbəsinin müdir müavini Şahnaz Bədəlova Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunmuş "Neyro-urbanizm: Şəhərlər beyni, davranışı və psixi rifahı necə formalaşdırır?" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, bu gün şəhərlər insanların sağlamlığına, emosiyalarına, davranışına, sosial qarşılıqlı əlaqələrinə və ümumi həyat keyfiyyətinə təsir göstərir: "Buna görə psixoloji rifah şəhərsalma siyasətində getdikcə daha vacib bir mövzuya çevrilir. BMT-nin məlumatına görə, hazırda əhalinin təxminən 56 %-i şəhərlərdə yaşayır. Bu rəqəm 2050-ci ilə qədər təxminən 70 %-ə çatacaq. Bu o deməkdir ki, milyardlarla insan ömrünün çox hissəsini şəhərlərdə keçirəcək. Şəhər əhalisi artdıqca, şəhərlər stress, nəqliyyat sıxlığı, ətraf mühitin çirklənməsi, sosial bərabərsizlik, mənzil təzyiqi və iqlim dəyişikliyi ilə bağlı ciddi çağırışlarla üzləşir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qlobal miqyasda hər səkkiz nəfərdən birinin psixi sağlamlıq problemi ilə yaşadığını bildirir. Eyni zamanda, tədqiqatlar göstərir ki, şəhər mühiti stress səviyyəsinə, depressiyaya və sosial təcridə güclü təsir göstərə bilər. Uzun yol gəlmək də psixi rifaha təsir edir. Bir çox böyük şəhərlərdə insanlar hər gün nəqliyyatda bir neçə saat vaxt keçirirlər ki, bu da stressi artırır və ailə, istirahət və sosial həyat üçün vaxtı azaldır. Buna görə də müasir şəhərsalma daha çox insan mərkəzli olur".
Ekspert qeyd edib ki, bu gün BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat), ÜST və Dünya Bankı daxil olmaqla bir çox beynəlxalq təşkilatlar sağlam, inklüziv, yaşıl və dözümlü şəhərləri fəal şəkildə təşviq edir: "Bu yanaşma həm də iqlim siyasəti və ətraf mühitin davamlılığı ilə bağlıdır. ÜST hesab edir ki, hava çirkliliyi dünyada hər il təxminən 7 milyon vaxtından əvvəl ölümə səbəb olur. Buna görə də şəhər mühitinin yaxşılaşdırılması təkcə ekoloji problem deyil, həm də ictimai sağlamlıq və rifah problemidir".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.