
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) uğurla keçirilməsi 2024-cü ilin noyabrında COP29 qlobal iqlim konfransının təşkilindən sonra Azərbaycan üçün daha bir mühüm qlobal mərhələ oldu.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İnkişaf etməkdə olan Səkkiz Ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) baş katibi Sohail Mahmudun Azərbaycana səfərinin yekunları üzrə bəyanatında deyilir.
Bəyanatda vurğulanır ki, S.Mahmud 2026-cı ilin yanvarında vəzifəsinin icrasına başladıqdan sonra WUF13-də iştirak etmək üçün Azərbaycana ilk rəsmi səfərini edib.
"WUF13-ün uğurla keçirilməsi COP29-un uğurundan sonra Azərbaycan üçün daha bir mühüm qlobal mərhələ oldu və ölkənin iqlim fəaliyyəti, dayanıqlı inkişaf və şəhər transformasiyası məsələləri üzrə beynəlxalq çoxtərəfli dialoq üçün mühüm platforma kimi artan nüfuzunu daha da gücləndirdi", - bəyanatda deyilir.
Sənəddə həmçinin qeyd olunur ki, səfər çərçivəsində baş katib forum çərçivəsində təşkil edilmiş D-8-in energetika və şəhər inkişafı üzrə yüksəksəviyyəli dialoqunda iştirak edib. "Forum dayanıqlı, inklüziv və ekoloji cəhətdən dayanıqlı şəhərlərin gələcəyini müzakirə etmək üçün dünyanın hər yerindən dövlət və hökumət başçılarını, nazirləri, merləri, beynəlxalq və regional təşkilatların nümayəndələrini, urbanistika üzrə ekspertləri və inkişaf proseslərinin iştirakçılarını bir araya gətirdi", - D-8-dən qeyd olunub.
S.Mahmud forumdakı çıxışında regionda innovasiyaları və qabaqcıl təcrübə mübadiləsini stimullaşdırmaq üçün "D-8-in ilin dayanıqlı şəhəri", "D-8-in yaşıl paytaxtı" və "D-8-in təmiz enerji paytaxtı" statuslarının verilməsi ilə bağlı təşəbbüslərin nəzərdən keçirilməsini təklif edib.
Səfərin əsas yekunlarından biri Bakıda enerji və iqlim, nəqliyyat və media sahələrində D-8-in üç qabaqcıl təcrübə mərkəzinin yaradılmasında irəliləyişin təsdiqlənməsi oldu.
Bəyanatda vurğulanır ki, bu mərkəzlər Cənub-Cənub xətti üzrə əməkdaşlığın, siyasi dialoqun, tədqiqat mübadiləsinin və innovasiyaların gücləndirilməsi, habelə bərpa olunan enerji, nəqliyyat əlaqəliliyi, media, iqlim dayanıqlılığı və dayanıqlı şəhər inkişafı sahələrində potensialın artırılması üçün praktiki platformalara çevriləcək.
Səfər zamanı D-8-in baş katibi Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, xarici işlər naziri Ceyhun Bayramov və energetika naziri Pərviz Şahbazov daxil olmaqla, Azərbaycanın rəsmi şəxsləri ilə yüksəksəviyyəli görüşlər keçirib. Tərəflər Azərbaycanla D-8 arasında əməkdaşlığın inkişafını, təşkilatın Cakartada keçiriləcək 12-ci sammitinə hazırlığı, eləcə də Bakıda D-8-in Enerji və İqlim Mərkəzinin fəaliyyətə başlamasını və 2026-cı il iyunun 1-də Bakıda keçiriləcək D-8 energetika nazirlərinin ilk görüşünə hazırlığı müzakirə ediblər.
Həmçinin Azərbaycanın Medianın İnkişaf Agentliyinin (MEDIA) icraçı direktoru Əhməd İsmayılovla görüş keçirilib, tərəflər media sahəsində qabaqcıl təcrübə Mərkəzinin tezliklə fəaliyyətə başlaması və D-8 üzv dövlətləri arasında media əməkdaşlığının daha da gücləndirilməsi məsələlərini müzakirə ediblər.
Ümumilikdə, bəyanatda qeyd olunur ki, səfər zamanı aparılan danışıqlar Azərbaycanın D-8 üzvlüyünə verdiyi yüksək prioriteti və fəal rolunu nümayiş etdirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.