
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutu və Milli Onkologiya Mərkəzinin birgə təşkilatçılığı ilə 20–22 may 2026-cı il tarixlərində Bakı şəhərində Türk Dövlətləri Kardio-Onkologiya Konqresi və Birinci Beynəlxalq Süni İntellekt və Robotik Kardiologiya Sammiti keçirilib.
Türk dünyasında tibb elmi, innovativ texnologiyalar və beynəlxalq səhiyyə əməkdaşlığı baxımından mühüm əhəmiyyət daşıyan tədbir kardio-onkologiya, süni intellekt, robotik kardiologiya və rəqəmsal səhiyyə sahələrini ilk dəfə vahid beynəlxalq platformada bir araya gətirib.
Tədbirdə dünyanın 11 ölkəsindən aparıcı alimlər, beynəlxalq ekspertlər, akademik dairələrin nümayəndələri, səhiyyə sahəsinin rəhbər şəxsləri, tanınmış kardioloqlar, kardio-onkoloqlar, eləcə də süni intellekt və robot texnologiyaları üzrə mütəxəssislər iştirak ediblər.
Beynəlxalq tədbirin fəxri qonaqları sırasında Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndələri, Türkiyə Respublikasının Azərbaycandakı səfiri, Şimali Kipr Türk Cümhuriyyətinin, Türkmənistanın və Qırğızıstanın səfirləri və diplomatik nümayəndələri, dövlət qurumlarının rəhbərləri, aparıcı klinika və tibb müəssisələrinin təmsilçiləri, həmçinin beynəlxalq elmi təşkilatların nümayəndələri yer alıblar.
BAKU.WS xəbər verir ki, tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor, tədbirin sədri Gülnaz Dadaşova bildirib ki, Türk Dövlətləri Kardio-Onkologiya Konqresi və Birinci Beynəlxalq Süni İntellekt və Robotik Kardiologiya Sammiti yalnız elmi tədbir deyil, həm də Türk dünyasının ortaq tibbi gələcəyinə yönəlmiş strateji əməkdaşlıq platformasıdır. Professor Gülnaz Dadaşova qeyd edib ki, müasir dövrdə səhiyyənin inkişafı innovativ texnologiyaların tətbiqi, süni intellekt əsaslı tibbi həllərin genişləndirilməsi və beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsi ilə sıx bağlıdır. Onun sözlərinə görə, Azərbaycan bu gün regionda tibb elmi və rəqəmsal səhiyyə sahəsində beynəlxalq əməkdaşlığın mühüm mərkəzlərindən birinə çevrilməkdədir və keçirilən Konqres bu istiqamətdə əhəmiyyətli addımdır.
Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev tədbirdə çıxışı zamanı bildirib ki, müasir dövrdə səhiyyə sisteminin dayanıqlı inkişafı innovativ texnologiyaların tətbiqi, elmi əməkdaşlığın gücləndirilməsi və tibbi xidmətlərin keyfiyyətinin artırılması ilə birbaşa bağlıdır. Onun sözlərinə görə, süni intellekt, rəqəmsal səhiyyə və robotik texnologiyalar artıq gələcəyin deyil, bu günün reallığıdır və bu istiqamətdə Türk dövlətləri arasında əməkdaşlığın genişləndirilməsi böyük əhəmiyyət daşıyır.
Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün çıxışı zamanı Türk dövlətləri arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın strateji əhəmiyyətindən danışıb. Həmçinin Şimali Kipr Türk Cümhuriyyətinin, Türkmənistanın və Qırğızıstanın səfirləri bildiriblər ki, ortaq elmi platformaların yaradılması, innovativ texnologiyaların paylaşılması və müasir tibbi yanaşmaların inkişaf etdirilməsi Türk dünyasının gələcək səhiyyə modelinin formalaşmasına mühüm töhfə verir.
Həmçinin tədbirdə çıxış edən Milli Elmər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli Türk dünyasında elm, səhiyyə və innovativ texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Konqres çərçivəsində keçirilən elmi proqram beynəlxalq səviyyəli akademik məzmunu ilə diqqət çəkib. Xüsusi sessiyalarda süni intellekt əsaslı diaqnostik sistemlər, robotik müdaxilə texnologiyaları, rəqəmsal klinik idarəetmə və ağıllı xəstəxana modelləri təqdim olunub.
Tədbir çərçivəsində süni intellektin tibdə tətbiqi, robotik müdaxilə sistemləri, precision medicine, rəqəmsal səhiyyə həlləri və gələcəyin tibbi texnologiyaları ilə bağlı aparılan müzakirələr iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, Türk Dövlətləri Kardio-Onkologiya Konqresi və Birinci Beynəlxalq Süni İntellekt və Robotik Kardiologiya Sammiti Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən ümumilikdə 50 DTT ilə akkreditasiya olunub.
Türk dünyasında ilk dəfə bu miqyasda keçirilən beynəlxalq Konqres və Sammit region ölkələri arasında tibbi əməkdaşlığın genişlənməsinə, innovativ texnologiyaların səhiyyəyə inteqrasiyasına, elmi bilik mübadiləsinin gücləndirilməsinə və gələcəyin tibbi modelinin formalaşdırılmasına mühüm töhfə verən beynəlxalq platforma kimi qiymətləndirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.