
Qusar sakini həmkəndlisini xüsusi amansızlıqla döyüb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Hil kəndində baş verib. 1971-ci il təvəllüdlü İzaməddin Mərdanov (soyadı şərtidir) uzun müddət Rusiyada yaşayıb və bizneslə məşğul olub. O, bir müddət əvvəl Qusar rayonuna qayıdıb, kənddə təsərrüfat yaradaraq, burada da sahibkarlıqla məşğul olmağa başlayıb.
O özünə məxsus bağ sahəsində işləməyə gedərkən yolda həmkəndlisi Tofiqlə rastlaşıb və ona qonaqlıq vermək istədiyini deyib. İzaməddin Tofiqi də avtomobilinə əyləşdirib, yolda marketdən bazarlıq edib və bağ sahəsinə gedib. Bağda həmkəndlilər yemək yeyib, spirtli içki qəbul etdikdən sonra aralarında mübahisə yaranıb və sərxoş vəziyyətdə olan Tofiq İzaməddindən onu evə aparmasını tələb edib. Nəticədə onların arasında dava düşüb. Dava zamanı İzaməddin Tofiqi yumruq və təpik zərbələri ilə döyüb. Daha sonra o, bağ sahəsindən götürdüyü dəmir boru ilə Tofiqə ağır zərbələr endirib. Zərbələrdən Tofiq huşunu itirib, İzaməddin isə hadisə yerindən qaçıb.
Hadisə yerinə polis əməkdaşları gəliblər və Tofiq xəstəxanaya çatdırılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən İzaməddin saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə İ.Mərdanov 3 il 6 ay azadlıqdan məhrum edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.