
Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şirvan-Salyan regional şöbəsi tərəfindən Şirvan şəhər N.Quliyev adına 9 nömrəli tam orta məktəbdə müəllimin əmək hüquqlarının pozulması ilə bağlı daxil olmuş müraciət araşdırılıb.
Qurumdan AVESTA.AZ-ə verilən məlumata görə, araşdırma zamanı əmək qanunvericiliyinin tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, müəllimin əmək müqaviləsinə əməkhaqqı ilə bağlı edilmiş dəyişikliklərin onun razılığı və imzası olmadan rəsmiləşdirildiyi, nəticədə isə ona qanunvericiliyin tələblərinə uyğun olmayan qaydada əməkhaqqı hesablanaraq ödənildiyi təsdiqini tapıb.
Müəyyən edilmiş pozuntu ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq hüquqi qiymət verilib. Pozuntunun baş verdiyi tarixdən inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyinə görə həmin pozuntu üzrə inzibati tənbeh tətbiq olunmayıb.
Eyni zamanda, işçinin pozulmuş əmək hüquqlarının bərpası məqsədilə işəgötürənə icrası məcburi olan göstəriş verilib. Göstəriş müəyyən edilmiş müddətdə icra edilmədiyindən məktəbin hüquqi şəxs, məsul şəxsin isə vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb olunması üçün müvafiq materiallar baxılması məqsədilə məhkəməyə göndərilib. Məsələ ilə bağlı yekun hüquqi qiymət məhkəmə tərəfindən veriləcəkdir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.