
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstanın paytaxtı Bişkekdə "ŞƏT plyus" formatında keçirilən görüşdə çıxışı zamanı bildirib ki, Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir.
"Bir ildən bir az çox müddət əvvəl Azərbaycan və Ermənistan sülh sazişinin mətnini paraflayaraq 30 illik münaqişəyə son qoydular" , - deyə İlham Əliyev çıxışında vurğulayıb.
Dövlət başçısı əlavə edib ki, beləliklə, çoxillik münaqişə zonası olmuş Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir.
Süjetdə İlham Əliyevin BMT-nin qətnamələrin icrasını yerinə yetirə bilməməkdə tənqid etdiyinə diqqət çəkilir.
BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsinin 30 ildən sonra - üç il əvvəl icra olunduğunu vurğulayan Prezident İlham Əliyev bildirib:
"Lakin təəssüf ki, BMT bu qətnamələrin icrasında heç bir rol oynamayıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tamamilə özü bərpa edib. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qısa müddətdə icrası üçün müvafiq mexanizmlərin hazırlanması tələb olunur".
BAKU.WS xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Nizami Səfərov Oxu.Az-a açıqlamasında bildirib ki, otuz ilə yaxın bir müddətdə davam edən, beynəlxalq sülhə və regional təhlükəsizliyə ən ciddi təhdid yaradan silahlı münaqişəni Azərbaycan Respublikası öz gücünə həll edərək, təkcə öz ərazi bütövlüyü və suverenliyini deyil, həmçinin beynəlxalq hüququ bərpa etdi:
"Dövlətimiz uzun müddət nizamlama prosesində BMT-nin Nizamnaməsinin 33-ci maddəsinə uyğun olaraq dinc diplomatik vasitələrə üstünlük verirdi və problemlərin danışıqlar yolu ilə həll edilməsini gözləyirdi:
"Beynəlxalq miqyasda sülhün və təhlükəsizliyin təmin edilməsinə əsas məsuliyyəti daşıyan BMT-nin Təhlükəsizlik Şurasının keçən əsrin 1990-cı illərində qəbul etdiyi qətnamələrdə işğalçı erməni silahlı qüvvələrinin Azərbaycanın ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxması nəzərdə tutulsa da, təəssüf ki, bu sənədlər icra olunmadı və universal beynəlxalq qurum olan Birləşmiş Millətlər Təşkilatı qeyd edilən əhəmiyyətli məsələdə seyrçi rolu ilə kifayətləndi.
Burada qeyd etmək lazımdır ki, bir çox hallarda BMT-nin qətnamələri kifayət qədər qısa müddətdə icra olunur. Məsələn, keçmiş Yuqoslaviya və Ruandada baş verən beynəlxalq cinayətlərlə bağlı Beynəlxalq Cinayət Tribunallarının yaranması ilə bağlı müvafiq qətnamələrin icrası bunu əyani formada sübut edir".
"Ancaq Qarabağ münaqişəsinə münasibətdə biz tamamilə başqa bir mənzərənin şahidi olduq.
Halbuki BMT Nizamnaməsinə görə Təhlükəsizlik Şurası sülhə təhdid və ya təcavüz aktının mövcudluğunu müəyyən edərək, öz qərarları və qətnamələrinin icrası üçün təşkilat üzvlərindən iqtisadi münasibətlərin, dəmir yolu, hava əlaqələrinin dayandırılması, diplomatik əlaqələrin kəsilməsini tələb edə bilərdi və belə bir səlahiyyət Nizamnamənin 41-ci maddəsində təsbit edilib.
Hətta lazım gələrsə, təcili hərbi tədbirlər də görülə bilərdi. Belə tədbirlər BMT-nin Nizamnaməsinə uyğun formada təşkil olunur.
Ancaq bütün bunlara baxmayaraq, Təhlükəsizlik Şurasının Qarabağla əlaqədar qəbul etdiyi qətnamələr sadəcə kağız üzərində qaldı. Yaranmış şəraitdə Azərbaycan beynəlxalq hüquqla tanınan ayrılmaz özünümüdafiə hüququndan istifadə edərək döyüş meydanında ərazi bütövlüyünü və suverenliyini bərpa etdi", - hüquqşünas deyib.
Millət vəkilinin sözlərinə görə, İkinci Dünya müharibəsindən sonra yaradılan BMT müasir dövrün tələblərinə uyğun olaraq öz fəaliyyətini qurmalı, Nizamnaməsində ciddi dəyişikliklər etməli və beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi sahəsində yeni mexanizmlər hazırlamalıdır:
"Bu cür mexanizmlər - iqtisadi, siyasi və hərbi tədbirləri nəzərdə tutmalıdır və Təhlükəsizlik Şurasının BMT Nizamnaməsinin "Sülhə təhdid, sülhün pozulması və təcavüz aktları" adlanan VII Fəslinə əsasən qəbul etdiyi qətnamələrin icrası üçün tətbiq edilməlidir".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.