
Prokurorluq Kürdəmirdə şadlıq evində 92 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparır.
Bu barədə BAKU.WS-ə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmiş şəxslərdən 92 nəfərin qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır:
"Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.
Zəhərlənmə nəticəsində xəstəxanaya müraciət etmiş şəxslərə zəruri ilkin tibbi yardım göstərilib və onlar ambulator nəzarətə götürülməklə evlərinə buraxılıb".
***09:54
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Kürdəmir rayonunda yerləşən "Günəş" şadlıq sarayında keçirilən toy mərasimində baş verən kütləvi zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparır.
Bu barədə BAKU.WS-ə AQTA-dan məlumat verilib.
Qeyd olunub ki, ilkin məlumata əsasən, hadisənin baş verdiyi şadlıq sarayı icarəyə götürülüb və qida məhsulları toy sahibi tərəfindən hazırlanaraq istehlaka təqdim edilib. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində Agentlik tərəfindən müvafiq tədbirlər görülür.
AQTA-nın məlumatında ölkə ərazisində son zamanlar baş verən kütləvi zəhərlənmə hadisələri toy, nişan və digər kütləvi məclislər üçün ev şəraitində qida məhsullarının hazırlanması və saxlanması zamanı temperatur rejiminə, şəxsi gigiyena qaydalarına və digər qida təhlükəsizliyi tələblərinə tam riayət olunmamasının qida zəhərlənmələri riskini artırdığı diqqətə çatdırılıb.
Agentlikdən hadisə ilə əlaqədar aparılan araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəyi bildirilib.
***09:45
30.09.2026-cı il tarixində saat 20:50 radələrində 91 nəfər zəhərlənmə şübhəsilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə BAKU.WS-ə TƏBİB-dən bildirilib.
Onların hər birinə zəruri tibbi xidmət göstərilib, vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb.
***
Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyətə geniş məlumat verilməsi nəzərdə tutulur.
Faktla bağlı araşdırmalar aparılır.
***08:08
Kürdəmirdə toy mərasimində zəhərlənənlərin sayı 50 nəfəri keçib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, onlardan 7-si azyaşlıdır.
Qeyd edək ki, hadisə ötən gün şəhər ərazisində yerləşən "Günəş" restoranında qeydə alınıb.
Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Fakt araşdırılır.
***09.30.2026,23:41
Kürdəmirdə toy mərasimində kütləvi zəhərlənmə baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun şəhər ərazisində yerləşən "Günəş" şadlıq sarayında qeydə alınıb.
Məlumata görə, toy mərasimində iştirak edən 13 nəfər qidadan zəhərlənib.
Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.