
"Pensiyaların indeksləşdirilməsi ilə bağlı nəzərdə tutulan dəyişikliklər Prezident tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcək. Gözlənilir ki, yeni mexanizm gələn ildən etibarən tətbiq olunsun".
Bunu BAKU.WS-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, yeni yanaşma çərçivəsində orta aylıq əməkhaqqı səviyyəsində olan pensiyaların tam indeksləşdirilməsi nəzərdə tutulur:
"Belə ki, pensiya məbləği 1200 manatadək olan vətəndaşların pensiyaları 2026-cı ildə orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq tam indeksləşdirilə bilər.
Daha yüksək məbləğdə pensiyalar üçün isə fərqli əmsalların tətbiqi təklif olunur. İlkin yanaşmaya əsasən, 5000 manatadək olan pensiyalara 0,5, bu məbləğdən yuxarı pensiyalara isə 0,2 əmsalının tətbiqi nəzərdə tutulur".
Deputat əlavə edib ki, dəyişikliklərin əsas məqsədi yüksək və aşağı pensiya alan vətəndaşlar arasında pensiya məbləğləri fərqini azaltmaq, median pensiyanı yüksəltmək və nisbətən az pensiya alan şəxslərin pensiyalarında daha yüksək artıma nail olmaqdır.
Qeyd edək ki, yeni mexanizmin tətbiqi ilə bağlı yekun qərar müvafiq dəyişikliklərin təsdiqindən sonra məlum olacaq.
Orxan Hüseyn
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.