
"Dövlətə xəyanətdə ittiham edilən "Müxalifət platforması-Həyat uğrunda" fraksiyasından xalq deputatı Viktor Medvedçukun ailəsinə məxsus olan təyyarə və helikopter ehtiyaclarının ödənilməsi üçün Ukrayna Silahlı Qüvvələrinə verilib.
Avesta.az xəbər verir ki, bu barədə iyulun 6-da xalq deputatının adı çəkilmədən Baş Prokurorluq Ofisinin mətbuat xidməti məlumat verib. Məlumatı "QORDON" internet nəşri yayıb.
Xalq deputatının ailəsinin istifadə etdikləri təyyarə və helikopter departament əməkdaşları tərəfindən hakimiyyətdən sui-istifadə və əmlakın mənimsənilməsi barədə maddələr üzrə cinayət işinin istintaqı çərçivəsində müsadirə edilib.
"Baş Prokurorluq Ofisinin vəkaləti əsasında müsadirə edilən əmlaka həbs qoyulub. Hazırda bu əmlak Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün verilib.
Bundan öncə "Medvejya dubrava" kompleksinə və son benefisiarı Ukraynanın xalq deputatının həyat yoldaşı olan digər aktivlərə həbs qoyulub", - polisin relizində deyilir.
Medvedçukun adı bir neçə çinayət işində hallanır. Məsələn, o, Ukraynanın Krımında milli resursların talan edilməsində və dövlətə xəyanətdə şübhəli bilinib.
Bu işdə üç epizod var: birinci epizod ilhaq edilmiş Krımda neft-qaz yataqlarının əldə edilməsində Rusiyaya yardım göstərilməsi; ikinci epizod Rusiyanın xüsusi xidmət orqanlarına Ukrayna qoşunları haqqında məxfi məlumatların ötürülməsi; üçüncü epizod "Luç" layihəsinin işlənib hazırlanmasında iştirakı, bunun köməyi ilə Ukrayna miqrantlarının Rusiyaya cəlb edilməsi planlaşdırılıb.
Həmçinin Medvedçuk terrorçuluğa dəstəkdə şübhəli bilinib. Cinayət işi kömürün 2014-2015-ci illərdə müvəqqəti işğal edilmiş Donetsk və Luqansk vilayətləri ərazilərindən Ukrayna hökumətinin nəzarətində olan ərazilərə tədarükünə aiddir.
Dövlətə xəyanət və milli sərvətlərin talan edilməsi maddələri üzrə ittihamlar artıq məhkəməyə təqdim edilib. Bu işə qapalı rejimdə baxılacaq.