
"İnanıram ki, gələcəkdə qalib komandanın oyunçusu kimi də mükafat alacağam".
Bunu "Report"a açıqlamasında 20 yaşadək qızlar arasında Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edən Azərbaycan millisinin üzvü Vlada Kavtunova deyib.
Yarışda komandamızın heyətində ən yaxşı oyunçu seçilən voleybolçu bunun onun üçün gözlənilməz olduğunu söyləyib: "İstədiyim oyunu göstərə bilməmişdim. Amma millimizin heyətində mənə təqdim olundu. Bu mənim ilk mükafatımdır. Çox istərdim ki, qalib olaraq bunu alım".
Kavtunova yığmanın keçirdiyi 5 oyunun hamısında uduzmasına da toxunub: "İlk olaraq EEVZA yarışının təşkilatçılarına təşəkkür etmək istəyirəm. Biz gənclər üçün müxtəlif yaş qruplarında bu cür turnirlər keçirirlər. Gənc oyunçular həm təcrübə toplayır, həm də digər ökələrin komandalarını daha yaxından tanıyırlar. Düşünürəm ki, burada bütün komandalar yaxşı çıxış etdilər. Millimizin heyətində yer alan voleybolçuların əksəriyyəti 15-16-18 yaşlılar idi və ilk dəfə beynəlxalq turnirə qatılmışdılar. Həm də hazırlıq üçün az vaxtımız oldu. Zəif çıxış etməyimizə səbəb əsas üzvlərimizin təcrübəsizliyi idi".
Gənc idmançı beynəlxalq turnirlərə qatıldıqları üçün Azərbaycan Voleybol Federasiyasının rəhbərliyinə təşəkkür edib: "Bundan əlavə, baş məşqçiyə və onun köməkçilərinə minnətdaram. Hər qarşılaşmadan sonra oyunumuzu izləyirdik, səhvlər üzərində müzakirələr aparırdıq və bu istiqamətdə çalışırdıq. Məşqlərə davam edəcəyik, bu yarışlar bizim üçün təcrübədir. İnanıram ki, zamanla daha yaxşı çıxış edəcəyik".
Qeyd edək ki, U-20 EEVZA çempionatında keçirdiyi 5 oyunun hamısında 0:3 hesabı ilə məğlub olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.