
SOCAR Azərbaycanın olduğu kimi, Türkiyənin də ən önəmli qurumlarından biridir. Mayın 31-də bir qrup fələstinli fəalın şirkətin İstanbuldakı ofisinin binası qarşısında təxribat törətmək cəhdi Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaqdan başqa bir şey deyil. Bu basqın da basqını Azərbaycan-Türkiyə münasibətlərini korlamağa cəhd edən qüvvələr tərəfindən planlaşdırılıb.
Təxribat birbaşa Türkiyədə kök salan və İrandakı bəzi qüvvələr tərəfindən idarə olunan qruplaşmalar tərəfindən idarə olunub. Lazımi yerlərdə öz sözlərini deyə bilməyənlər Fələstin bəhanəsilə bu murdar əməli törədiblər.
Maraqlısı budur ki, Türkiyə bir çox dövləti qarşına alaraq Fələstinlə bağlı ən ciddi addımlar atan ölkədir. Belə olan halda bəzi qüvvələrin təxribat cəhdi "sakit gölə daş atmaq" prinsipindən uzağa getmir.
İsrailə neft tədarükü məsələsinə gəldikdə isə, bu əsassız və həqiqətə uyğun olmayan məlumatlardır. Belə ki, SOCAR dünya bazarında bütün şirkətlər kimi xam nefti xarici treyderlər vasitəsilə də çıxarır. Treyderlərin isə nefti kimə satdığına nəzarət yoxdur.
Ankarada hakimiyyəti tənqid edənlər fürsət düşdükcə Azərbaycan neftinin də Türkiyə üzərindən İsrailə satıldığını xatırladırlar. Azərbaycan nefti xarici şirkətlər vasitəsilə dünyanın müxtəlif ölkələrinə satılır, burada Hindistandan tutmuş İsrailə qədər dövlətlər var.
Azərbaycanın ən böyük şirkəti olan SOCAR ölkənin əsas brendidir. SOCAR-ın böyük investisiyalar yatırdığı ölkələrdən biri qardaş Türkiyədir. İnvestisiya layihələri ilə dünyanın ən nüfuzlu şirkətləri ilə bir sırada dayanan SOCAR Türkiyədə böyük imkanlara malikdir. Bu gün Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu sözdə deyil, əməldə təsdiqi ilə dünyanın diqqətindədir. Çox da uzaq olmayan tarixi – 44 günlük Vətən müharibəsi zamanı qardaş ölkənin mənəvi və siyasi dəstəyini xatırlamaq kifayətdir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.