Dünya çempionatına vəsiqə qazanmağı haqq edən komandalardan idik. Sadəcə, təcrübəsizlik bizi müəyyən məqamlardan geri saldı.
Bunu “AVESTA.AZ”a açıqlamasında Azərbaycan amputant millisinin futbolçusu Fərhad Eyyubov Fransanın Evian şəhərində keçirilən Avropa çempionatında komandanın çıxışını dəyərləndirərkən deyib.
O, təcrübəsizliyin yekun nəticədə rol oynadığını vurğulayıb: “Avropa çempionatında 6 oyun keçirdik. Reytinq cədvəlində 16 iştirakçı komanda arasında 15-ci idik. 9-cu yer uğrunda son matçda Niderlandla qarşılaşdıq. Oyun zamanı bir zərbəmiz dirəkdən döndü. Nə qədər çalışsaq da, sonda bəxtsizlikdən bir qol buraxıb məğlub olduq. Niderland Millətlər Liqasında bizi 5:0 hesabı ilə məğlub etmişdi. Bu dəfə fiziki cəhətdən daha hazırlıqlı olsaq da, təcrübəsizlik sözünü dedi. Avropa və dünya çempionu Türkiyə istisna olmaqla, millimiz meydana çıxdığı bütün oyunlarda fiziki cəhətdən rəqiblərdən üstün idi. İrlandiya ilə oyunun ədalətli nəticəsi heç-heçə idi. Həmçinin İsraillə 1:1 oynadıq. Halbuki onları çox rahat məğlub edə bilərdik. Şotlandiya ilə matçda 5-6 qol vura bilərdik, ancaq onları 2:1 hesabı ilə məğlub etdik. Yunanıstanla oyunda da üstün tərəf biz idik və rəqibə 2:1 hesabı ilə qalib gəldik".
F.Eyyubov Azərbaycanda daxili çempionat keçirmək və amputant futbolunu peşəkar şəkildə inkişaf etdirmək istədiklərini söyləyib: “Avropa çempionatı bizim üçün təcrübə xarakteri daşıyırdı, ilk dəfə idi qatılmışdıq. Rəqiblərimiz daha çox təcrübəyə malik idilər. Türkiyə millisinin 23 illik təcrübəsi var. Bizim daxili çempionatımız yoxdur. Yarışdan yarışa hazırlaşmaqla nəsə əldə etmək çox çətindir. Daxili çempionat keçirmək və peşəkar səviyyədə inkişaf etmək istəyirik. Həmçinin milliyə yeni oyunçular cəlb etmək niyyətindəyik. Məqsədimiz Azərbaycanda amputant futbolunu inkişaf etdirməkdir. Ən önəmlisi ilk növbədə bizim kimi insanların reablitasiyasına dəstək olmaqdır. Daha sonra ölkəmizi beynəlxalq səviyyədə təmsil etməkdir. Buna inanırıq, gücümüz, həvəsimiz, istəyimiz var. Bu dəfə təcrübəsizlik önümüzü kəsdi. Növbəti turnirlərdə ölkəmizi ən yaxşı səviyyədə təmsil edəcəyimizə, bayrağımızı yüksəklərə qaldıracağımıza inanıram”.
Qeyd edək ki, qrup mərhələsində İrlandiya (0:1) və Türkiyəyə (1:12) uduzan Azərbaycan millisi İsraillə heç-heçə edib - 1:1. Komanda ilk qələbəsini 9-16-cı yerlər uğrunda qarşılaşmada Yunanıstan millisi üzərində qazanıb - 2:1. Yığma 9-12-ci yerlər uğrunda matçda Şotlandiyanı eyni hesabla üstələyib. 9-cu yer uğrunda görüşdə isə Niderlanda 0:1 hesabı ilə uduzub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.