19-05-2025, 21:48 261

Məhkəmədə azərbaycanlılara qarşı Ermənistanın sistematik etnik təmizləmə siyasəti ifşa edilib

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası mayın 19-da davam etdirilib.

BAKU.WS xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Məhkəmədə Baş Prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli tərəfindən Ermənistan ordusunun Azərbaycan ərazilərini işğal etməsi bağlı videomateriallar nümayiş olunub.

Videomateriallarda 1993-cu ilin Ermənistan ordusunun Kəlbəcərdə Azərbaycan mövqelərinə hücum etməsi, Ağdərə istiqamətində irəliləməsi və hücum hazırlıqlarına başlaması, həmçinin bir neçə istiqamətdən zərbə endirilməsinin planlaşdırılmasından danışılır.

Qeyd olunur ki, Ermənistan silahlı qüvvələri düşməni (azərbaycanlıları - red.) Ağdərədən çıxartdı, yüksəklikləri və əsas yolları nəzarətə keçirdi. Kadrlarda yerdə öldürülmüş azərbaycanlıların nəşləri görünür.

Digər videomaterialda Ermənistan ordusunun Sərsəng su anbarını alması (işğal etməsi – red.) və Ağdərəyə çatması barədə məlumat verilir.

Növbəti videomaterial Seyran Saroyan haqqındadır. Qeyd olunur ki, Seyran Saroyan Kəlbəcərin işğalında iştirakına görə, Ermənistanın ilk müdafiə naziri Vazgen Sarkisyan tərəfindən medalla təltif edilib.

Daha sonra Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də "Yerkrapa" terror təşkilatının üzvləri ilə görüşündə etdiyi çıxışının videosu nümayiş olunub. Kadrlarda Levon Ter-Petrosyan Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazilərinin işğal olunmasının niyyəti, həmçinin məqsədi və səbəbləri barədə danışır.

Videomaterialda tarixi "qələbələr"i qeyd etdiklərinə görə məmnun olduğunu bildirən L.Ter-Petrosyan 1988-ci ilə qədər Ermənistanda 170 min azərbaycanlının olduğunu xatırladıb. O, deyib: "Qarabağ hərəkatını başlatmağın nə mənası var idi? Bu beş il ərzində nə qədər qan töküldü, nə qədər insan həlak oldu, amma heç bir nəticəyə gəlinmədi", - deyə bəzi şəxslər irad bildirirlər. Hətta həmin dövrdə Ermənistan hakimiyyəti... İndi isə həmin əməliyyatlarda iştirak etməyən müxalifət nümayəndələri və digər partiyalar bizim fəaliyyətimizə kölgə salmağa çalışırlar.

Üstəlik, deyirlər ki, o vaxt erməni hərəkatı "miatsum, miatsum" deyib meydana çıxmağın nə mənası var idi? İndi də Qarabağın tanınmasından yayınırlar. Onların mövqeyi dəyişməyib. Deyirlər ki, əgər bu hərəkat 1988-ci ildə başlamasaydı da, onsuz da Sovet İttifaqı 1991-ci ildə dağılırdı və biz hər halda müstəqillik əldə edəcəkdik. Amma məsələ burasındadır ki, əgər biz 1988-ci ildə fəaliyyətə başlamasaydıq, 1991-ci ildə bizim bu üçillik təcrübəmiz olmayacaqdı və nəticədə nəinki Qarabağ, heç Ermənistanın özü də bu qədər hazırlıqlı olmayacaqdı. Hətta Qarabağ olmayacaqdı".

Məhkəmədə təqdim olunan videoda Ermənistanın keçmiş prezidenti deyib: "Birincisi, bu hərəkat sayəsində Ermənistan və Qarabağ erməni xalqının 600 ildir həll edə bilmədiyi bir problemi həll etdi. Ermənistan və Qarabağ digər xalqlardan tamamilə təmizləndi. Bu, 600 illik problemdir və erməni xalqı növbəti 600 ildə də onun əhəmiyyətini hiss edəcək. Təsəvvür edin ki, əgər bu gün Ermənistanda, 1988-ci ilə qədər burada yaşayan digər millətlərdən olan 170 min insan yaşamaqda davam etsəydi, bu gün bizim dövlətimiz olmazdı. Biz nə şimal rayonlarımızı, nə də Göyçə (Sevan) rayonunu qoruya bilməzdik.

Unutmayın, yadınıza salım ki, Vardenis (Basarkeçər), Masis (Zəngibasar) və Amasiya bölgələrində azərbaycanlılar çoxluq təşkil edirdi və Zəngəzur bölgəsində də əhalinin böyük hissəsini təşkil edirdilər. İndi bu problem həll olunub. Bu problemi biz öz hərəkatımızla həll etdik. Bu, xalqımızın milli azadlıq mübarizəsi, erməni milli hərəkatı və onun hərbi qanadı, özünümüdafiə birləşmələrimiz və yerli Qarabağ bölmələrimizin fəaliyyəti ilə mümkün oldu.

Qarabağ da həmçinin. Bu gün Qarabağın bütün ərazisi, üstəlik daha böyük bir hissə ermənilərin əlindədir".

Daha sonra kadrlarda L.Ter-Petrosyan deyir: "…Yekun olaraq bir məqamı da qeyd etməyə bilmərəm: Qeyd edirəm ki, bütün qələbələrimizin tacı olaraq qüvvələrimiz dünən gecə və bu səhər Ağdama daxil olublar".

Ardınca təqsirləndirilən şəxs Bako Sahakyan işğal olunmuş Azərbaycan ərazilərində Şuşanın işğalından sonrakı fəaliyyəti, hansı dəstədə xidmət etməsi, hansı komandirlərlə görüşməsi və nələri müzakirə etməsi ilə bağlı dövlət ittihamını müdafiə edən prokurorların, zərərçəkmiş şəxslərin nümayəndələrinin suallarını cavablandırıb.

O, 1993-cü ilin iyun ayından arxa xidmət qərargah rəisi olduğunu deyib.

Təqsirləndirilən şəxsin dindirilməsi zamanı nümayiş olunan videoda Bako Sahakyan da görünüb. Kadrlarda stol arxasında oturan hərbçilərin sənədlər və xəritə üzərində müzakirələr aparması əksini tapıb. Videodan və B.Sahakyanın ifadələrindən məlum olub ki, müzakirələr zamanı orada müxtəlif komandirlər iştirak edib.

B.Sahakyan nümayiş olunan videoda özünü, general Kristapor İvanyanı, Samvel Karapetyanı, Movses Akopyanı, Samvel Babayanı, Vitali Balasanyanı, Vaçaqan İsxanyanı və digərlərini tanıyıb.

Vaxtilə Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılan qondarma rejimə "rəhbərlik etmiş", hazırda isə Azərbaycana və xalqımıza qarşı çoxsaylı cinayət əməlləri törətməkdə təqsirləndirildiyi üçün Bakıda mühakimə olunan Ermənistan vətəndaşı Bako Sahakyan açıq məhkəmə iclasında Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında suveren ərazilərimizin vaxtilə Ermənistan tərəfindən işğal edilməsi üçün keçirilən hərbi əməliyyat və döyüş tapşırıqlarının hazırlanmasında və müzakirəsində iştirakını etiraf edib.

Baş prokurorluğun Dövlət ittihamçısı Fuad Musayevin suallarına cavab verən Bako Sahakyan Monte Molekonyanı, Arman Levonyanı və digər komandirləri tanıdığını və onlarla tez-tez təmaslarda olduğunu, onlarla hərbi əməliyyatlar barədə və dostyana söhbətlər etdiyini deyib.

Məhkəmədə nümayiş olunan fotoşəkillərdə Bako Sahakyanın Robert Köçəryanla, Monte Melkonyanla, Samvel Babayanla birlikdə olduğu görünüb, təqsirləndirilən şəxs onları tanıyıb.

O, şəklin Xankəndidən uzaq olmayan yerdə, 1993-cu ilə iyun ayına qədər çəkildiyini bildirib. Əlavə edib ki, həmin vaxt "müdafiə ordusu"nun arxa xidmət rəisinin müavini olub.

Nümayiş olunan digər şəkildə isə o, Kristapor İvanyan, Artur Karapetyan və Avram Abramyan ilə birlikdə görünüb.

Təqsirləndirilən şəxs Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin BMT Təhlükəsizlik Şurasının qətnamlərinin Ermənistan tərəfindən niyə yerinə yetirilməməsi barədə sualına cavab verməkdən yayınıb.

Baş Prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli Levon Ter-Petrosyanın azərbaycanlılara qarşı etnik təmizləmə fikirləri ilə bağlı suallarına cavab verən Bako Sahakyan onunla bir neçə dəfə Qarabağ münaqişəsi ilə bağlı müzakirələr apardığını etiraf edib, lakin Ermənistanın keçmiş prezidentinin fikirlərini dəstəkləmədiyini söyləyib.

Dövlət ittihamçısı Təranə Məmmədovanın "Yerkrapa" terror təşkilatı barədə sualına cavab verən təqsirləndirilmiş şəxs təşkilat üzvlərinin Azərbaycan ərazilərinin işğalı zamanı müxtəlif döyüşlərdə iştirak etdiyini deyib.

Daha sonra məhkəmədə Davit İşxanyanın vaxtilə Azərbaycanın vaxtilə işğalda olmuş ərazilərindəki fəaliyyətini, döyüş əməliyyatlarında iştirak etməsini sübut edən videomaterial nümayiş olunub.

Videomaterialda D.İşxanayanın döyüş yoldaşları və onu tanıyanlar təqsirləndirilən şəxs barədə danışırlar.

Alik Sarqsyan onun əlinə ilk silah götürənlərdən biri, ilk könüllülər dəstəsinin təsisçilərindən, həmçinin ilk bölük və tabor komandirlərindən biri olduğunu vurğulayıb: "O, tarixi bir tapşırığı yerinə yetirib, bunu belə demək olar".

Videoda Movses Akopyan isə əminliklə deyib ki, "erməni ordusunun yaradılmasının əsasını (və ya bünovrəsini) qoyanlardan biri bizim döyüş yoldaşımızdır – Davitdir".

Videomaterialda Araz Koçaryan deyib: "Bir gün təsadüfən qarşılaşdıq və təcübləndim, Davit İşxanyanın boyununda "sərkərdə Andranikin" medalyonu asılmışdı.

Hmayak Haroyan onların "Aşan" bölüyü və Monte Melkonyan ilə birlikdə Gülablını mühasirəyə aldığını, nəticədə isə azərbaycanlıların mühasirəyə düşdüyünü vurğulayıb.

Abrik Hayrapetyan da deyib ki, "Avo" ləqəbli Monte Melkonyan qoşunda, tabor komandiri kimi, Daviti yüksək səviyyədə dəyərləndirib.

Ermənilər tərəfindən çəkilən kadrlarda Davit İşxanyanın "azadlıq uğrunda mübarizə aparan tələbə hərəkatı" qabaqcıllarından biri, "Aşan" kəndinin "özünümüdafiə dəstəsi"nin komandiri, "özünümüdafiə ordusu"nun 28-ci taborunun komandiri, müharibədən sonra isə ictimai və siyasi xadim kimi təqdim edilir.

Kadrlarda Davit İşxanyan bildirib: "Artıq çoxları tərəfindən hiss olunurdu və nəzərə çarpırdı ki, bu hərəkat öz məntiqi sonluğuna yalnız silahlı toqquşmalar və müharibə yolu ilə çatacaq. Çalışırdıq ki, azərbaycanlılar üçün o dəhşəti atmosferi yaradaq. Bizim əsas tapşırığımız müdafiə xəttini təmin etmək idi. Biz o əməliyyatda iştirak etməyi çox arzulayırdıq, lakin bizim tapşırığımız başqa idi. Monte Melkonyan tərəfindən Abdal Gülablı əməliyyatı təşkil olundu, lakin çox təəssüf ki, o gün biz 6 döyüş yoldaşımızı itirdik. Onların sırasında həmçinin Armen Avakyan da var idi. Bundan sonra çox ağır bir dövr oldu. 1992-ci ilin sentyabrın 4-5-də o kəndi azad edə bildik. Qarşımıza qoyulan tapşırıq Xocavənd bölgəsində qüsursuz yerinə yetirildi və Ağdam bizim ümumi nəzarətimizə keçdi. Azadlıq uğrunda döyüşlər bitdikdən sonra taborun uşaqları Ağdərə rayonunda gedən döyüşlərdə də iştirak etdilər və demək olar ki, 1994-cü ilin may ayında atəşkəs təsdiq olunana qədər davam edən döyüş əməliyyatlarında iştirak etdilər".

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran D. İşxanyan Abdal Gülablının, Füzulinin Aşağı Veysəlli ilə Cardar arasındakı təpənin, Ağdərənin işğal olunması əməliyyatlarında iştirak etdiyini təsdiq edib.

Məhkəmə prosesi mayın 22-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Paylaş

Xəbər lenti

Daha bir aktrisa "Uzak şehir"dən gedir Bu gün, 16:48 Azərbaycanın futzal millisinin Qazaxıstanla oyunlar üçün heyəti açıqlanıb Bu gün, 16:48 İsveç Rusiyadan gələn gəmini saxladı Bu gün, 16:48 Trampdan Çinə xəbərdarlıq: "İrana yardım baha başa gələcək" Bu gün, 16:48 Tərtərdə törədilmiş qətlin səbəbi məlum olub - TƏFƏRRÜAT Bu gün, 15:48 Kvaratsxeliyanın Maxaçevə etdiyi hədiyyəni İtaliyada oğurlayıblar Bu gün, 15:48 Nəqliyyat sektorunda yeni ERA BAŞLAYIR: QƏRARLAR qəbul edilib Bu gün, 15:48 Qohumunun evindən 320 min manat oğurlamaqda şübhəli bilinən şəxs həbs edilib Bu gün, 14:48 Azərbaycan tamblinq üzrə Avropa çempionatında komanda hesabında gümüş medal qazanıb Bu gün, 14:48 İsrail son saatlarda Livana zərbələr endirib: onlarla insan ölüb Bu gün, 14:48 Bu gün 53 minə yaxın şagird buraxılış imtahanı verib Bu gün, 14:48 Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq, dolu düşəcək Bu gün, 13:48 Suraxanıda dəmir darvazalar oğurlayan şəxslər ələ keçib Bu gün, 13:48 Yol polisindən hava ilə bağlı hərəkət iştirakçılarına XƏBƏRDARLIQ Bu gün, 13:48 İranın hücuma məruz qalan neft emalı zavodu fəaliyyətini bərpa edir Bu gün, 13:48 Laçının "Bəylik Bağları"nda ağacəkmə aksiyası keçirilib Bu gün, 12:48 Salyanda yol qəzası olub, ölən və xəsarət alanlar var Bu gün, 12:48 Müqəddəs Mürdaşıyan Zənənlər Kafedral kilsəsində Pasxa bayramından FOTOREPORTAJ Bu gün, 12:48 Cədvəldə var, amma dərs keçirilmir - Məktəblərdə fiziki tərbiyə fənni problemi Bu gün, 12:48 Bakıda marketlərdən oğurluqda şübhəli bilinən 5 nəfər saxlanılıb Bu gün, 12:48 Bakı bulvarında güllər yararsız hala salındı - VİDEO Bu gün, 11:48 Tərtərdə qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb Bu gün, 11:48 Bir sıra ərazilərə yağış, Şahdağa qar yağıb - FAKTİKİ HAVA Bu gün, 11:48 Qubada torpaq sürüşməsi baş verən kəndə ərzaq yardımı göndərilib Bu gün, 11:48 Macarıstanda parlament seçkiləri: səsvermə prosesinə start verildi Bu gün, 10:48 Hava ilə bağlı XƏBƏRDARLIQ - Yağış, şimşək, güclü külək... Bu gün, 10:48 İran XİN: İslamabad danışıqlarında razılaşmanın əldə olunmaması gözlənilən idi Bu gün, 10:48 Rüfət Nasosnu: "Əvvəl müəllimlər ikinci işdə çalışırdı, indi vəziyyətləri yaxşıdır" Bu gün, 10:48 Gəncədə pravoslavlar Pasxa bayramını qeyd edir Bu gün, 10:48 İslabadda ABŞ-İran danışıqları nəticəsiz qaldı Bu gün, 09:48 Bir aydan çox axtarışda olan şəxsin meyiti TAPILDI - Ramilin ölümünün TƏFƏRRÜATI Bu gün, 09:48 Qərbi Azərbaycan Xronikası: "Rusiyaya ümid erməni siyasətinin təhlükəli oyunu idi" Bu gün, 09:48 Premyer Liqa: "Qəbələ" "İmişli"ni, "Turan Tovuz" "Sumqayıt"ı qəbul edəcək Bu gün, 09:48 KİV: İslamabad danışıqları dalana dirənib Bu gün, 00:48 "Dedi ki, mən 20 manatlıq həkim deyiləm" - Gəncdən əməliyyat üçün pul tələb edilib? Bu gün, 00:48 Bu gün pravoslav xristianları Pasxa bayramını qeyd edir Bu gün, 00:48 Aprelin 12-si Dünya Aviasiya və Kosmonavtika Günüdür Bu gün, 00:48 Bu gün 53 minə yaxın şagird buraxılış imtahanı verəcək Bu gün, 00:48 Azərbaycan Yüksək Liqası: "DH Volley" finala vəsiqə qazanıb Dünən, 23:48 Edi Rama Albaniyanın Aİ-yə üzvlük prosesində durğunluq yarandığı iddialarını təkzib edib Dünən, 23:48 Türkiyədə tanınmış şəxslərin narkotik testlərinin nəticələri AÇIQLANDI Dünən, 23:48 Netanyahu: İrana qarşı əməliyyat hələ başa çatmayıb Dünən, 23:48 Əməkdar artist Nicat Kazımov: "Oğlumla tərəf müqabili olanda özümü diskomfort hiss edirəm" Dünən, 23:48 Fəhlə iş zamanı həyatını itirdi Dünən, 22:48 Makron: Fransa Hörmüz boğazının açılmasına dəstək verməyə hazırdır Dünən, 22:48 Almaniyada qatar qəzası: Xəsarət alanlar var Dünən, 22:48 ABŞ Hörmüz boğazının minalardan təmizlənməsinə başlayır Dünən, 22:48 Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər" Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR