
UFC (Ultimate Fighting Championship), dünyanın aparıcı qarışıq döyüş sənətləri təşkilatı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə çoxillik əməkdaşlıq müqaviləsi imzalayıb. Müqaviləyə əsasən, 2028-ci ilədək Bakıda hər il UFC Fight Night tədbirlərinin keçirilməsi planlaşdırılır. Bu çərçivədə ilk tədbir - UFC FIGHT NIGHT BAKU 27 iyun, şənbə günü Milli Gimnastika Arenasında baş tutacaq.
Ötən ilin iyun ayında Bakı Kristal Zalında keçirilən UFC-nin debüt tədbiri 14,000-dən çox tamaşaçını bir araya gətirdi. Biletlərin tam satılması regionda MMA-ya böyük marağın göstəricisi oldu. Las-Veqasda keçirilən görüşdə UFC prezidenti və baş icraçı direktoru Dana Uayt ilə Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov bu uğurun davamı və tərəfdaşlığın gələcək inkişaf imkanlarını müzakirə etdilər.
"Bakı ziyarət etmək üçün dünyanın ən yaxşı şəhərlərindən biridir. Şəhər olduqca gözəldir, burada yaşayan insanlar son dərəcə mehribandır." deyə UFC-nin prezidenti və baş icraçı direktoru Dana Uayt bildirib. "Keçən il ora səfər edəndə heyran qaldım. Qonaqpərvərlik ən yüksək səviyyədə idi. Azarkeşlər idmana inanılmaz həvəs göstərir, eyni zamanda kifayət qədər məlumatlı idilər. İnsanlar dünyanın hər yerindən gəlib bunu mütləq özləri yaşamalıdırlar."
Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov bildirib:
"UFC ilə çoxillik tərəfdaşlığın əldə olunması Azərbaycanın qlobal idman məkanı kimi mövqeyini möhkəmləndirmək baxımından mühüm mərhələdir. İlk Avropa Oyunları və Formula 1 kimi nüfuzlu tədbirlərə ev sahibliyi təcrübəsinə əsaslanan bu əməkdaşlıq qarışıq döyüş sənətlərinin inkişafını sürətləndirəcək və Azərbaycanla yanaşı region idmançıları üçün yeni imkanlar yaradacaq. UFC artıq Bakı idman təqviminin mühüm hissəsinə çevrilib və yerli döyüşçülər üçün doğma azarkeşlər qarşısında çıxış etmək imkanı yaradır. Bu tərəfdaşlıq Azərbaycanın beynəlxalq səviyyədə yüksək səviyyəli idman tədbirləri keçirmək potensialını bir daha sübut edir."
"Keçən il UFC-nin debüt tədbirinin uğurla və tam dolu tribunalarla baş tutmasından sonra tərəfdaşlığımızı genişləndirərək Fight Night tədbirlərinin yenidən Bakıda keçirilməsindən məmnunuq. Bu ilki tədbirə marağın daha da yüksək olacağı və şəhərə gələn ziyarətçilərin sayının artacağını gözləyirik. Əminik ki, tədbir daha genişmiqyaslı və yüksək səviyyədə keçiriləcək və iştirakçılar üçün unudulmaz təcrübə bəxş edəcək."- deyə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev əlavə edib.
Tədbirlə bağlı bütün yeniliklərdən vaxtında xəbərdar olmaq və biletlərə erkən çıxış əldə etmək üçün azarkeşlərə UFC.com/Baku ünvanında qeydiyyatdan keçmək və ən son UFC yenilikləri üçün sosial mediada @UFC səhifəsini izləmək tövsiyə olunur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.