
Bu gün Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd olunur. Şərqdə ilk demokratik respublika sayılan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasından 108 il ötür.
AXC 1918-ci il mayın 28-də Tiflisdə, Qafqaz canişininin binasında elan edilib. İstiqlal Bəyannaməsi Məhəmməd Əmin Rəsulzadənin rəhbərlik etdiyi Azərbaycan Milli Şurası tərəfindən qəbul olunub.
Bəyannamədə Azərbaycanın müstəqil dövlət kimi formalaşması, vətəndaşların hüquq bərabərliyi, demokratik idarəetmə və digər millətlərlə sülh münasibətləri əsas prinsiplər kimi əksini tapıb.
Müstəqillik elan edilərkən Rəsulzadə Batumidə Osmanlı İmperiyası ilə danışıqlarda olduğuna görə iclasa Şura sədr müavini Həsən bəy Ağayev sədrlik edib. İclasda Fətəli xan Xoyski başda olmaqla ilk müvəqqəti hökumətin tərkibi təsdiqlənib.
Hökumətə Fətəli xan Xoyski (Nazirlər Şurasının sədri və daxili işlər naziri), Xosrov Paşa bəy Sultanov (hərbi nazir), Məmmədhəsən Hacınski (xarici işlər naziri), Nəsib bəy Yusifbəyli (maliyyə və xalq maarifi naziri) və digər nazirlər daxil olub.
AXC elan edildiyi dövrdə Bakı bolşevik-daşnak qüvvələrinin nəzarətində olduğundan hökumət ilkin mərhələdə Gəncədə fəaliyyət göstərib. 1918-ci il sentyabrın 15-də Bakı şəhəri azad edildikdən sonra dövlət idarəçiliyi Bakıya köçürülüb.
Həmin ilin dekabrında Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbində Azərbaycan parlamentinin açılışı baş tutub. Parlamentə Əlimərdan bəy Topçubaşov sədrlik edib, onun müavini isə Həsən bəy Ağayev olub.
AXC dövründə parlament 155 iclas keçirib, 270-dən çox qanun layihəsi müzakirəyə çıxarılıb və onların əksəriyyəti qəbul olunub. Bu dövrdə qadınlara seçki hüququnun verilməsi və demokratik institutların formalaşdırılması kimi mühüm islahatlar həyata keçirilib.
Qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, AXC milli dövlətçilik tarixində mühüm iz qoyub. 1920-ci il aprelin 28-də sovet qoşunlarının müdaxiləsi nəticəsində respublika süqut edib.
Qeyd edək ki, İlham Əliyevin imzaladığı qanuna əsasən, 28 May artıq Respublika Günü deyil, Müstəqillik Günü kimi qeyd olunur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.