
Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov bu il keçiriləcək İqtisadi əməkdaşlıq üzrə Müştərək Komissiyanın 9-cu iclasının Səudiyyə Ərəbistanı ilə əməkdaşlığın inkişafına və genişləndirilməsinə mühüm töhfə verəcəyinə ümid etdiyini bildirib.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, bu barədə o, Səudiyyə Ərəbistanı Krallığının Milli Gününün 96-cı ildönümü münasibətilə keçirilən tədbirdə danışıb.
Baş nazirin müavini vurğulayıb ki, ölkələr iqtisadiyyat, ticarət, sənaye, investisiya, alternativ və bərpa olunan energetika, nəqliyyat, turizm və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün birgə fəaliyyəti davam etdirmək niyyətindədirlər.
"Bu kontekstdə Azərbaycan və Səudiyyə Ərəbistanı arasında əməkdaşlıq üzrə Birgə Komissiya ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin dərinləşməsində mühüm rol oynayır", - o bildirib.
Şərifovun sözlərinə görə, hazırda Birgə Komissiyanın növbəti iclasına hazırlıq işləri aparılır.
O qeyd edib ki, Azərbaycan ölkəni ortaq dil və mədəni köklərin bağladığı Səudiyyə Ərəbistanı ilə münasibətlərə xüsusi əhəmiyyət verir.
Şərifov əlavə edib ki, 2026-cı ilin fevralından etibarən ümumvətəndaş pasportlarına malik olan Səudiyyə Ərəbistanı vətəndaşları bir il müddətində Azərbaycana vizasız səfər edə bilərlər.
"Biz qarşılıqlı səfərlərin genişləndirilməsi istiqamətində daha aktiv praktiki fəaliyyətə tam hazırıq", - o vurğulayıb.
Baş nazirin müavini əmin olduğunu bildirib ki, Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iki xalqın ortaq dəyərlərinə və qardaşlığına əsaslanan dövlətlərarası münasibətlər və əməkdaşlıq həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.