
2019-cu ilin fevralında Ermənistanın müdafiə naziri Davit Tonoyanın ölkəsinin hücum strategiyasına keçdiyini açıqlaması və "yeni müharibə, yeni ərazilər" formulunu irəli sürməsi 2020-ci il müharibəsinə aparan proseslər fonunda yenidən gündəmə gəlib.
Politoloq, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Yeganə Hacıyeva məsələ ilə bağlı AVESTA.AZ-ə açıqlamasında 44 günlük Vətən müharibəsinə qədər baş verən siyasi və hərbi prosesləri şərh edib.
Politoloq bildirib ki, 44 günlük Vətən müharibəsinin başlanmasından etibarən Azərbaycanı müharibəni başladan tərəf kimi təqdim etmək cəhdləri müxtəlif siyasi və informasiya platformalarında sistemli şəkildə səsləndirilib.
"Ermənistan rəsmilərinin və erməni diaspor dairələrinin bu narrativi müdafiə etməsi təəccüblü deyil.
Lakin daha ciddi sual bu yanaşmanın ayrı-ayrı beynəlxalq siyasi və institusional dairələrdə də zaman-zaman təkrarlanmasıdır.
Məsələ təkcə müharibənin hansı gün və hansı hadisədən sonra başladığını mübahisələndirməkdən ibarət deyil.
Müharibəyə aparan siyasi və hərbi prosesləri kontekstdən çıxararaq yalnız 27 sentyabr 2020-ci il hadisəsi üzərindən qiymətləndirmək obyektiv yanaşma deyil.
Belə mühüm məsələlərdə siyasi narrativlər deyil, müharibəyə qədərki dövrün faktları, rəsmi bəyanatlar, hərbi-siyasi qərarlar və tərəflərin real davranışları əsas götürülməlidir.
Tarix yalnız hadisənin nəticəsi ilə deyil, ona gətirib çıxaran proseslərin bütöv mənzərəsi ilə qiymətləndirilməlidir.
2019–2020-ci illərdə Ermənistan-Azərbaycan münasibətlərində baş verənləri ayrı-ayrı hərbi eskalasiyalar kimi deyil, təhlükəsizlik strategiyasının dəyişməsi kontekstində oxumaq lazımdır", - deyə Yeganə Hacıyeva bildirib.
Onun sözlərinə görə, dönüş nöqtələrindən biri 2019-cu ilin martında Ermənistanın müdafiə naziri Davit Tonoyanın Nyu-Yorkda erməni icması qarşısında səsləndirdiyi "yeni müharibə - yeni ərazilər" formuludur.
"Tonoyan "ərazilər müqabilində sülh" yanaşmasının artıq mövcud olmadığını bəyan etdi, Ermənistan ordusunun daimi müdafiə vəziyyətindən çıxacağını və Azərbaycan ərazisində hərbi əməliyyatlar aparmaq imkanına malik hücum bölmələrinin sayının artırılacağını bildirirdi.
Bu bəyanatı yalnız ritorik ifadə kimi qiymətləndirmək düzgün olmaz.
Çünki burada söhbət sadəcə siyasi bəyanatdan deyil, təhlükəsizlik fəlsəfəsinin dəyişdirilməsi iddiasından gedirdi.
Bu fikirlər müdafiədən hücuma, mövcud mövqelərin qorunmasından daha əlverişli mövqelərin əldə edilməsinə keçid iddiasının elanı idi.
Daha əhəmiyyətlisi isə budur ki, Ermənistanın siyasi rəhbərliyi həmin dövrdə bu yanaşmadan açıq şəkildə distansiya götürmədi.
Baş nazir Nikol Paşinyan Tonoyanın sözlərini müdafiə edərək, müharibə baş verəcəyi təqdirdə məqsədin onu qazanmaq olduğunu bildirdi", - politoloq qeyd edib.
Yeganə Hacıyeva 2020-ci ilin iyulunda Tovuz istiqamətində baş verən hərbi toqquşmaya da toxunub:
"Bu kontekstdə 2020-ci ilin iyulunda Tovuz istiqamətində baş verən hərbi toqquşmaya yalnız lokal sərhəd insidenti kimi baxmaq təhlükəsizlik baxımından natamam yanaşmadır.
Tovuz Qarabağ cəbhəsindən fərqli olaraq Azərbaycanın Ermənistanla dövlət sərhədində yerləşir və strateji kommunikasiya baxımından xüsusi əhəmiyyət daşıyır.
Regiondan Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri, Cənub Qaz Dəhlizi ilə bağlı infrastrukturlar, eləcə də Bakı–Tbilisi–Qars dəmir yolu və digər Şərq–Qərb nəqliyyat marşrutları keçir.
Buna görə Tovuz istiqamətində hərbi gərginlik yalnız iki ölkənin sərhəd təhlükəsizliyi məsələsi deyildi, Azərbaycanı Gürcüstan və Türkiyə üzərindən Avropa bazarları ilə birləşdirən enerji və nəqliyyat bağlantılarının təhlükəsizliyi məsələsi idi.
Məhz buna görə 2020-ci ilin iyul hadisələrinin strateji əhəmiyyəti itkilərin sayından daha genişdir.
Tovuz istiqamətində yaranan təhlükə Azərbaycanın ərazi bütövlüyü ilə yanaşı, onun enerji təhlükəsizliyi, tranzit imkanları və Avropa ilə strateji bağlantıları üçün risk yaratmaq potensialına malik idi."
Politoloq bildirib ki, iyul döyüşləri Azərbaycan cəmiyyətində də ciddi təhlükəsizlik reaksiyası doğurub.
"Xüsusilə general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin öldürülməsi geniş ictimai rezonans yaratdı.
İyulun 14-də Bakıda minlərlə insanın iştirak etdiyi yürüşlərdə Qarabağ məsələsində hərbi addım və səfərbərlik tələbləri səsləndirildi.
Hadisələrin bu aspekti göstərirdi ki, Tovuz eskalasiyası artıq yalnız hərbi strukturların problemi kimi qəbul edilmirdi, cəmiyyət onu milli təhlükəsizlik və ərazi bütövlüyü məsələsi kimi qəbul edirdi.
Qeyd edim ki, burada mühüm siyasi nəticə ortaya çıxdı: dövlətin təhlükəsizlik siyasəti ilə cəmiyyətin təhlükəsizlik gözləntisi arasında çox ciddi təzyiq formalaşmışdı.
Cəmiyyətin verdiyi mesaj "bu vəziyyət davam edə bilməz" məzmununda idi, lakin bunu sadəcə "qisas tələbi" kimi izah etmək də kifayət deyil.
Daha dərin səviyyədə bu, uzun müddət davam edən işğal şəraitində təhlükəsizlik status-kvosunun artıq cəmiyyət üçün qəbulolunmaz həddə çatmasının ifadəsi idi."
Yeganə Hacıyeva hesab edir ki, 2019-cu ildə səsləndirilmiş "yeni müharibə – yeni ərazilər" tezisi ilə 2020-ci ilin iyulunda Tovuz istiqamətində baş vermiş eskalasiyanı eyni təhlükəsizlik xəttinin iki müxtəlif mərhələsi kimi təhlil etmək mümkündür.
"Tonoyanın ifadəsi ilə Ermənistanın hücum xarakterli hərbi doktrina siyasi ritorikada açıq şəkildə səsləndi.
Ardınca isə münaqişə Qarabağ cəbhəsindən kənara çıxaraq Azərbaycanın dövlət sərhədinə və strateji kommunikasiya arteriyalarının yerləşdiyi istiqamətə keçdi.
Bunun ardınca 2020-ci ilin sentyabrında genişmiqyaslı müharibə başladı.
Sentyabrın 27-də Azərbaycan yaşayış məntəqələrinin və hərbi mövqelərinin atəşə tutulmasına cavab olaraq əks-hücum əməliyyatına başlanıldı.
Bir sözlə, 2020-ci ilin sentyabr müharibəsinə Ermənistanın 2019-cu ildə hərbi strategiyanın hücum ritorikası ilə yenidən formalaşdırılması, 2020-ci ilin iyulunda Tovuz istiqamətində ağır silahlardan istifadə edərək sərhəddə eskalasiya və yüksək rütbəli Azərbaycan hərbçilərinin öldürülməsi səbəb oldu.
Strateji enerji və nəqliyyat dəhlizlərinə yaxın ərazidə gərginliyin yaranması da Azərbaycan cəmiyyətində güclü təhlükəsizlik refleksini hərəkətə gətirmişdi.
Əslində iyul hadisələri Azərbaycan-Ermənistan münaqişəsinin coğrafiyasının necə dəyişə biləcəyini göstərən siqnal idi və artıq yalnız Qarabağ ətrafındakı təmas xətti ilə məhdudlaşmırdı.
Ermənistan Azərbaycanın dövlət sərhədini, enerji infrastrukturlarını və Avropa ilə enerji kommunikasiyalarını hədəfə götürmüşdü.
Müharibəyə aparan təhlükəsizlik mühitini Ermənistanın siyasi və hərbi qərarları formalaşdırmışdı.
Tonoyanın 2019-cu ildəki "yeni müharibə – yeni ərazilər" formulu sadəcə bir siyasi ifadə deyildi.
Beləliklə, 2020-ci ilin sentyabrına aparan yolu yalnız bir günün hadisəsi ilə izah etmək mümkün deyil.
Bu yol siyasi ritorikadan hərbi doktrinaya, hərbi doktrinadan sərhəd eskalasiyasına, sərhəd eskalasiyasından isə artıq tammiqyaslı müharibəyə keçən təhlükəsizlik spiralının formalaşması ilə xarakterizə olunurdu.
Azərbaycan buna icazə vermədi!", - Yeganə Hacıyeva vurğulayıb.
Şahanə Xankişiyeva
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.