
"50-51 yaşlarındayıq. Xoşumuza gəldiyi üçün bu sənəti seçdik. 13 yaşından bu sənətə gəlmişik. Hazırda Rusiyada yaşayırıq. İlk dəfə olaraq ölkəmizə iş üçün gəlmişik. Burada "The World of Adrenaline" sirk şousunda çıxış edirik".
Bu sözləri AVESTA.AZ-ə açıqlamasında "The World of Adrenaline" sirk şousunda çıxış azərbaycanlı qardaşlar Oktay və Telman Novruzovlar deyib.
Oktay Novruzov açıqlaması zamanı qardaşı Telmanla dünyanın bir çox ölkələrindəki sirk şoularında çıxış etdiyini vurğulayıb:
"Dünyanın ən məşhur səhnələrində komediya kəndirbazı olaraq çıxış eləmişik. Fransada keçirilən Beynəlxalq Massi Sirk Festivalında çıxışlarımız olub. İtaliyada televiziyalarda çıxış etmişik. Almaniyanın "Ranqali", "Krola", "Konelli" kimi sirklərində işləmişik".
Azərbaycanlı qardaşlar onu da bildirib ki, 30 ildən çoxdur bu sənətdə olmaqlarına baxmayaraq hələ də məşq edirlər:
"Çıxışları hazırlamaq adətən vaxtla olmur. 30 ildən çoxdur ki bu sənətdəyik. Lakin biz hələ də məşq edirik. Həmişə nəsə dəyişir. Kostyum, mahnı, hərəkətlər dəyişir. Biz istəyərik bu peşə həmişə var olsun və davam etsin. Övladlarımızdan isə bizim sənəti davam etdirən yoxdur. Bu sahə gəlirli sahədir və gəlirimiz bizi çox qane edir".
Xatırladaq ki, ötən gündən etibarən "Circus Sea Breeze" arenasında ilin ən həyəcanlı və ekstremal sirk proqramlarından biri olan "The World of Adrenaline" start götürüb. "The World of Adrenaline" adlı yeni beynəlxalq proqram əsl sirk sənətinin ən təsirli nömrələrini bir araya gətirərək tamaşaçılara sürət, həyəcan və unudulmaz emosiyalarla dolu möhtəşəm şou vəd edir.
Tədbirin təşkilatçısı, "Sirk Oskarı" mükafatının laureatı Allahverdi İsrafilovdur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.