
"Qırmızı qızıl" kimi parlayan zəfəran uzun illər Azərbaycanda təkcə kənd təsərrüfatı məhsulu deyil, həm də mədəni irsin, məişət ənənələrinin və milli mətbəxin ayrılmaz hissəsi olub. Tarixən bu məhsulun əsas ünvanı Bakı və Abşeron yarımadası sayılıb. Abşeron zəfəranı keyfiyyəti, ətri və rəngi ilə seçilib, ölkə daxilində, eləcə də regionda tanınıb. Lakin 2021-2025-ci illəri əhatə edən rəsmi statistik rəqəmlərin təhlili göstərir ki, bu tarixi üstünlük tədricən zəifləyir, Azərbaycanın zəfəran xəritəsi dəyişməkdədir.
BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Əkin sahələri artır, amma…
Dövlət Statistika Komitəsindən bildirilib ki, 2021-ci ildə ölkə üzrə zəfəran əkini 68.3 hektar təşkil etdiyi halda, 2025-ci ildə bu göstərici 105.2 hektara yüksəlib. Bu artım zəfərana marağın yüksəldiyini göstərir. Lakin istehsal həcmləri eyni ardıcıllıqla artmayıb. 2021-ci ildə 754 kiloqram olan istehsal 2022-ci ildə 609 kiloqrama düşüb, 2024-cü ildə 795.4 kiloqrama yüksəlsə də, 2025-ci ildə yenidən 767.4 kiloqrama enib. Bu dalğalanma göstərir ki, zəfəran istehsalında əsas həlledici faktor təkcə əkin sahəsinin genişliyi deyil, torpağın vəziyyəti, aqrotexniki qulluq və uzunmüddətli yanaşmadır.
Tarixi şöhrətdən statistik geriləməyə
Tarixi mənbələr təsdiqləyir ki, Abşeron kəndlərində zəfəran ailə təsərrüfatları çərçivəsində, nəsildən-nəslə ötürülən biliklərlə becərilib. Məhz bu səbəbdən Abşeron zəfəranı xüsusi ətir və keyfiyyətə malik olub. Lakin hazırda bu ənənə ciddi təhlükə altındadır. Statistika göstərir ki, Abşeron-Xızı iqtisadi rayonunda zəfəran əkin sahəsi 2021-2025-ci illər ərzində dəyişməyərək 33 hektar səviyyəsində qalsa da, istehsal həcmləri kəskin şəkildə azalıb. 2021-ci ildə Abşeron rayonunda 27 kiloqram zəfəran istehsal edildiyi halda, 2025-ci ildə bu göstərici cəmi altı kiloqrama düşüb. Bu, beş il ərzində təxminən 4.5 dəfə azalma deməkdir.
Bir zamanlar Bakı-Abşeron zəfəranı keyfiyyət etalonu sayıldığı halda, bu gün həmin ərazilər statistik cədvəldə yalnız simvolik göstəricilərlə təmsil olunur.
Əsas pay Lənkəran-Astara bölgəsindədir
Abşeronda müşahidə olunan geriləmə fonunda Lənkəran-Astara iqtisadi rayonu zəfəran istehsalında əsas yükü üzərinə götürür. 2021-ci ildə bu regionda 550 kiloqram zəfəran istehsal olunubsa, 2025-ci ildə bu göstərici 610 kiloqrama yüksəlib. Ölkə üzrə istehsal olunan zəfəranın təxminən 80 faizi məhz bu bölgənin payına düşür. Bu sabitlik regionun iqlim şəraiti, torpağın istirahət rejiminin qorunması və zəfəranın intensiv deyil, uyğun aqrotexniki qaydalarla becərilməsi ilə izah olunur.
Mərkəzi Aran iqtisadi rayonunda zəfəran istehsalı qeyri-sabit, lakin diqqətçəkən dinamika nümayiş etdirir. 2021-ci ildə 177 kiloqram olan istehsal 2023-cü ildə 24 kiloqrama düşüb, 2024-cü ildə isə 204 kiloqrama yüksəlib. 2025-ci ildə istehsal 143.4 kiloqram olub. Xüsusilə Ağdaş rayonunda 17 hektar əkin sahəsi və 128 kiloqram istehsal bu regionun gələcəkdə alternativ zəfəran mərkəzi ola biləcəyini göstərir.
Qiymətlər dəyişkəndir
"Absheron Saffron" şirkətinin satış direktoru Tutu Bəkirqızı bildirir ki, ötən il məhsuldarlığın yüksək olacağını gözləsələr də, nəticə proqnozdan xeyli aşağı olub: "Əslində əkin sahəsi strateji olaraq genişləndirilmişdi. Amma hava şəraitinin mənfi təsiri nəticəsində 13 hektar sahədən yalnız səkkiz kq zəfəran yığıldı, halbuki əvvəlcədən 30 kq məhsul gözlənilirdi.
Hazırda müştərilərə beş fərqli məhsul təqdim edilir. Bunlar arasında qramlıq zəfəran, mürəbbələr, kompotlar, baxım məhsulları və zəfəranlı zeytun yağı yer alır. İxrac potensialı mövcuddur, lakin hazırda xarici bazarda aktiv müştəri yoxdur. Yalnız İtaliyada məhsullar bir dəfə tanıdılıb".
Bahalı investisiya, riskli məhsul
Bilgəhdə zəfəran becərilməsi ilə məşğul olan Rahib Vəliyev də son illər məhsuldarlığın azaldığını bildirir. Onun sözlərinə görə, əvvəllər kənd sakinləri bu sahəyə ciddi maraq göstərsələr də, indi vəziyyət dəyişib: "Bu il bizdə də məhsul zəif oldu. Məhsuldarlığın azalmasının əsas səbəblərindən biri iqlim dəyişikliyidir. Əvvəllər məhsuldarlıq dövrü mövsümün başlanğıcından 15-17 gün davam edirdi. İndi isə bu dövr 10 gündən də az çəkir. Mənim sahəm təxminən bir hektardır, amma cəmi bir kiloqrama yaxın zəfəran topladım. Əvvəllər iki kiloqramdan çox məhsul götürmək mümkün idi. Zəfəran iri sahə tələb edir, lakin əhalinin çoxunun yalnız 10-15 sot torpağı var. Ona görə də insanlar daha çox göyərti əkir və məhsulu 10-15 gün ərzində biçib satırlar. Zəfəran isə bir il gözləmək tələb edir. Mövsüm sonunda da bilmirsən məhsul olacaq, ya olmayacaq".
Rahib Vəliyev qeyd edir ki, zəfəran həm də ciddi maliyyə vəsaiti tələb edən sahədir: "Bir hektar sahə üçün soğan alınmasa, təxminən 4-5 min manat xərc çıxır. Soğan alınsa, xərclər daha da artır. Hazırda soğanın kilosu 17-18 manatdır və bir hektara 4-5 ton tələb olunur".
Həmsöhbətimiz deyir ki, satışla bağlı hər hansı problem yoxdur. Zəfəranı yerli şirkətlərdən biri ilə ortaq əkib və məhsulu da onlara satır.
Hər hektara 440 manat subsidiya
Kənd Təsərrüfatı Nazirliyindən isə bildirilib ki, bitkiçiliyin müxtəlif istiqamətləri kimi zəfəran istehsalı da dövlət tərəfindən dəstəklənir, bu sahəyə subsidiya ayrılır: "Aqrar Subsidiya Şurasının son qərarına əsasən, zəfəran əkinlərinin hər hektarına görə fermerlərə 440 manat subsidiya verilir ki, bu da fermerin zəfəran yetişdirməyə sərf etdiyi xərcin bir hissəsinin dövlət tərəfindən qarşılanması deməkdir. Aqrar sahəyə dövlət dəstəyi tədbirləri zəfərançılığın inkişafına da müsbət təsir göstərir".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.