
"Bu onillikdə qurduğumuz enerji sistemləri gələcək onilliklər ərzində iqlim nəticələrimizi, iqtisadi rəqabət qabiliyyətimizi və strateji davamlılığımızı formalaşdıracaq".
AVESTA.AZ Oxu.az-a istinadən xəbər verir ki, bunu Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko la Kamera BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) tədbirində çıxışı zamanı deyib.
O bildirib ki, bu transformasiya artıq davam edir:
"Bərpaolunan mənbələrə keçid nəinki sürətlənir, həm də enerji sistemlərinin təhlükəsizliyini və davamlılığını getdikcə daha da möhkəmləndirir.
2025-ci ildə dünya bərpaolunan enerji gücləri üzrə rekord həddə - əlavə 692 giqavat əldə edib. İlin sonuna qədər bərpaolunan mənbələr qlobal quraşdırılmış gücün 49 faizini və yeni əlavələrin 85 faizini təşkil edib. Bu sürətli genişlənmə artıq nəzərəçarpan nəticələr verir. IRENA-nın son təhlilinə əsasən, mövcud bərpaolunan enerji gücü təkcə 2025-ci ildə illik 480 milyard ABŞ dolları məbləğində qalıq yanacaq xərclərinin və 8.4 giqaton karbon qazı emissiyasının qarşısını alıb. Bu, onların yalnız yeni enerjinin ən sərfəli mənbəyi kimi deyil, həm də enerji təhlükəsizliyinin, iqtisadi sabitliyin və davamlılığın təməl daşı kimi rolunu gücləndirir".
Françesko la Kamera istiqamətin aydın olduğunu vurğulayıb:
"Regionlar müxtəlif reallıqlarla üzləşsə də, bizim ortaq prioritetlərimiz bərpaolunan enerji gücünü üç dəfə artırmaq, 2030-cu ilə qədər enerji səmərəliliyinin yüksəldilməsi göstəricisini iki dəfə artırmaq və şəbəkələrə, enerjinin saxlanmasına və davamlı yanacaqlara investisiyaları sürətləndirməkdir".
O əlavə edib ki, Azərbaycan bərpaolunan enerjini öz milli prioritetlərinin mərkəzinə qoyub:
"2027-ci ilə qədər 2 giqavatlıq yaşıl enerji layihələrini təhvil vermək iddiasına görə təqdir etmək istərdim.
Azərbaycanın öz bərpaolunan enerji resurslarını inkişaf etdirməkdən kənara çıxaraq Mərkəzi Asiya və Avropada təmiz enerjini, infrastrukturu və bazarları birləşdirən regional mərkəzə (hab) çevrilmək imkanı var. Azərbaycan və Mərkəzi Asiya regional şəbəkə birləşmələri və yaşıl enerji dəhlizləri vasitəsilə özlərinin nəhəng bərpaolunan potensialından və strateji mövqeyindən istifadə etmək üçün əlverişli mövqedədirlər.
IRENA-nın Bakıda, COP29-da təqdim edilən Mərkəzi Asiyada Bərpa Olunan Enerji üzrə Sürətləndirilmiş Tərəfdaşlığı investisiyaları, regional əlaqələri və davamlı artımı təşviq etməklə bu iddianı dəstəkləyir. Onun hazırkı üzvlərinə Azərbaycan, Tacikistan, Qırğızıstan, Qazaxıstan və Özbəkistan daxildir. Bu tərəfdaşlığa əsaslanaraq, bu ilin iyun ayında, Bakı Enerji Həftəsi çərçivəsində IRENA Azərbaycan ilə birgə Mərkəzi Asiya İnvestisiya Forumuna ev sahibliyi edib. Forumun davamı olaraq, üzv ölkələr üçün uyğunlaşdırma tədbirinin 2027-ci ilin mart ayında yenidən Bakıda keçirilməsi planlaşdırılır ki, bu da bərpaolunan enerji layihələrini investorlarla daha sıx birləşdirmək və regional əməkdaşlığı möhkəmləndirmək üçün imkan yaradacaq".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.